Azərbaycan, Bakı, 17 mart /Trend/
Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış qadın xilas edilib. Trend xəbər verir ki, bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.
Məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər qadın köməksiz vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar.
Mənzilə baxış keçirilərkən vətəndaş otaqda uzanmış və huşsuz vəziyyətdə aşkarlanıb.
Vətəndaş hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.
Əməliyyat saat 04:09-də başa çatıb.