Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir T.Cəfərov/
Səudiyyə Ərəbistanının Tehrandakı diplomatı içkili vəziyyətdə avtomobil idarə edərkən qəza törədib, nəticədə bir nəfər ölüb. Bu barədə Trend FARS agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, "Hyundai" markalı avtomobili idarə edən diplomat sürət həddini keçdiyi və içkili olduğu üçün magistral yolda idarəetməni itirib və qarşısında gedən "Ford Festiva" (Praid) markali avtomobilə dəyib. "Ford" isə yoldan çıxaraq yolun kənarındakı dirəklərə dəyib. Hadisə nəticəsində "Ford"un sürücüsü həlak olub, bir nəfər isə yaralanıb.
Polisin araşdırması zamanı ərəb diplomatın içkili olduğu müəyyən edilib. Onun maşınının içərisindən bir şüşə yarımçıq spirtli içki, avtomobilin baqajından isə 3 şüşə spirtli içki müsadirə olunub.
Faktla bağlı araşdırmalar davam edir.