...

Qaxda partlayış baş verib, yaralananlar var

Hadisə Materials 17 Sentyabr 2013 10:28 (UTC +04:00)
Sentyabrın 16-da axşam saat 21:00 radələrində Qaxın Zərnə kəndində yeni tikilmiş evdə partlayış baş verib. Partlayışdan sonra baş verən yanğının qarşısı alınsa da, biri ağır dərəcədə olmaqla iki nəfər yanıq xəsarətləri alıb.
Qaxda partlayış baş verib, yaralananlar var

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İ.İzzət/

Sentyabrın 16-da axşam saat 21:00 radələrində Qaxın Zərnə kəndində yeni tikilmiş evdə partlayış baş verib. Partlayışdan sonra baş verən yanğının qarşısı alınsa da, biri ağır dərəcədə olmaqla iki nəfər yanıq xəsarətləri alıb.

Trend Kanal S-ə istinadən xəbər verir ki, hadisə Məmmədov Əfəndi Abdulhəmid oğluna məxsus 192 kvadratmetrlik 4 otaqlı evdə baş verib. Yanğın baş verən zaman evdə ustalar təmir işləri aparırmış. Ev sahibi də elə ustaların yanında olub. Ustaların sözlərinə görə, yanğına döşəməyə vurulan boya məhsullarından olan "dolğu" adlı maddənin üzərinə siqaretin düşməsi səbəb olub. Maddənin alışması nəticəsində partlayış baş verib və yanğın başlayıb.

Otaqda olan 4 nəfərdən ikisi alovun təsirindən yanıq xəsarətləri alıb. Xəsarət alan Qax rayon Turaclı kənd sakini 20 yaşlı Hüseynli İsmayıl Əli oğlu və Qax rayon Marsan kənd sakini 29 yaşlı İbişov Yalçın İbiş oğlu dərhal təcili tibbi yardım maşını ilə Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Vəziyyəti ağır olan İsmayıl Hüseynli reanimasiya şöbəsinə yerləşdirilib.

Evdə təmir işi görən və hadisə zamanı yanıq xəsarəti alan Yalçın İbişovun sözlərinə görə, döşəməyə "dolğu" adlı maddəni vurduqları zaman ev sahibi Əfəndi Məmmədov yanlarına gəlib və əlində olan siqaret döşəməyə düşüb. Yanğın da bundan törəyib.

Ağır xəsarət alan İsmayıl Hüseynlinin atası isə oğlunun iş vaxtı ehtiyatsızlıqdan yanmasının günahkarı kimi iş icraçılarını görür. Valideyn deyir ki, iş icraçıları usta və fəhlələrə nəzarət etmir.

Qeyd edək ki, yanğın zamanı 192 kvadratmetrlik 4 otaqlı evin ön hissəsindəki 28 kvadratmetrlik eyvanın 10 kvadratmetri yanıb. Hadisə yerinə Qax Yanğından Mühavizə Hissəsinin 2 yanğınsöndürən texnikası və 9 canlı qüvvəsi cəlb olunub. Yanğının digər otaqlara keçməsinin qarşısı alınıb.

Faktla bağlı Qax Yanğından Mühavizə Hissəsində araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti