Azərbaycan, Bakı, 11 iyun /Trend/
Aprelin 15-dən iyunun 11-dək antiterror əməliyyatlarının aparıldığı Ukraynanın şərqində 200-dən artıq mülki şəxs həlak olub. Trend-in Ukrinform-a istinadən verdiyi məlumata görə, bu barədə səhiyyə nazirinin birinci müavini Ruslan Salyutin bildirib.
R.Salyutin deyib ki, dəqiqləşdirilmiş operativ məlumatlara görə, təəssüflər olsun ki, Ukraynanın şərqində antiterror əməliyyatları zamanı 200-dən artıq mülki şəxs həlak olub. Onlardan 15-i qadın, ikisi uşaqdır.
O, əlavə edib ki, həlak olan uşaqlardan biri 4, kimliyi hələ müəyyən edilməyən digəri isə təxminən 14 yaşında olub: "Hazırda onun şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı müvafiq işlər görülür".
Həlak olanlar arasında neçə mülki şəxs və neçə terrorçunun olmasına gəlincə R.Salyutin bildirib ki, tibb işçilərində belə məlumat yoxdur: "Bizim üçün kimə yardım etməyin fərqi yoxdur. Bunu sonra məhkəmə orqanları müəyyən edir".
Ukrayna Səhiyyə Nazirliyinin Analıq, uşaqlıq və sanitar təminat idarəsinin rəisi Alyona Tereşenko isə Slavyanskda həlak olan 4 yaşlı uşağın yaşayış evinə bomba düşməsi nəticəsində öldüyünü dəqiqləşdirib. Digər uşağın meyiti isə Slavyanskın küçələrindən birində tapılıb.