Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir İlkin İzzət/
Bakıda soyğunçuluq törətməkdə şübhəli bilinən gənclər tutulub.
Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 19-da R.Behbudov küçəsində iki naməlum şəxs Bərdə rayon sakini Zöhrab Hüseynovu döyərək 560 manatını və mobil telefonunu alıblar.
İdarənin Təhlükəsiz Şəhər Xidməti (TŞX) və Nəsimi Rayon Polis İdarəsi (RPİ) 22-ci Polis bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən 1996-cı il təvəllüdlü Araz Novruzov və 1997-ci il təvəllüdlü Fərid Şəmməmmədov tutulublar.
Bakıda digər soyğunçuluq cinayətinin də üstü açılıb. Belə ki, avqustun 16-da Xətai prospektində naməlum şəxs Bakı şəhər sakini Ələsgər Fətullayevin üz nahiyəsindən yumruqla vuraraq cibində olan 1000 manat pulunu götürüb qaçıb. Bakı şəhər BPİ TŞX və Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən 1994-cü il təvəllüdlü Cahangir Eyvazov və 1993-cü il təvəllüdlü Rəşad Dadaşzadə tutulublar.