Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/
Biləsuvarda sərnişin avtobusu aşıb, 3 nəfər ölüb.
Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Biləsuvar rayonu Bakı-Astara yolunun 91-ci kilometrliyində sərnişin avtobusu idarəetməni itirərək yol kənarına aşıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Qəza nəticəsində vatobusda olan 33 sərnişindən 3 kişi aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 10 nəfər isə müxtəlif bədən xəsarətləri alıblar.
Meyitlər və xəsarət alanlar yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla avtobusdan çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər.
Əməliyyat saat 07:30-da başa çatıb.
Hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə bildiriblər ki, avtobus Azərbaycandan İran İslam Respublikasının Məşhəd şəhərinə gedən zəvvarları aparırmış.