...

Ötən il gömrük hüquqpozmaları üzrə 266 cinayət işi başlanıb (FOTO)

Hadisə Materials 6 Yanvar 2016 15:38 (UTC +04:00)
2015-ci ilin yanvar-dekabr aylarında Dövlət Gömrük Komitəsi (DGK) İstintaq İdarəsinin icraatında olan materiallar əsasında 266 cinayət işi başlanıb, bu cinayət işlərinin böyük əksəriyyəti az ağır və ağır cinayət faktları olub.
Ötən il gömrük hüquqpozmaları üzrə 266 cinayət işi başlanıb (FOTO)

Bakı. Trend:

2015-ci ilin yanvar-dekabr aylarında Dövlət Gömrük Komitəsi (DGK) İstintaq İdarəsinin icraatında olan materiallar əsasında 266 cinayət işi başlanıb, bu cinayət işlərinin böyük əksəriyyəti az ağır və ağır cinayət faktları olub.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hesabat dövründə 228 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib, bu şəxslərdən 185 nəfəri barəsində məhkəmə tərəfindən həbs, 4 nəfəri barəsində ev dustaqlığı, qalanları haqqında isə istintaq orqanı tərəfindən digər qətimkan tədbirləri seçilib.

İstintaqı tamamlanan cinayət işləri üzrə məsuliyyətə cəlb edilmiş şəxslərdən 22-si İran, 4-ü Rusiya, 1-i Türkiyə, 1-i Kanada, 1-i Kamerun, 199-u isə Azərbaycan vətəndaşı olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 27 nəfəri qadındır və onlardan 26-sı Azərbaycan, 1-i isə İran vətəndaşıdır.

Başlanmış cinayət işləri üzrə narkotik vasitələr - 33 kq 847,217 qram qurudulmuş marixuana, 28 kq 519,461 qram həşiş qatranı, 10 kq 766,059 qram heroin, 3 kq 552,112 qram tiryək, 590 qram qurudulmamış marixuana, 388,803 qram metadon, 57,185 qram kokain və psixotrop maddələr - 98,091 qram metamfetamin, 46 qram fenobarbital, 20 qram fenamfetamin, 10,014 qram clonazepam, 1,635 qram alprazolam, 0,106 qram buprenorfin maddi sübut kimi tanınıb.

Həmin cinayət işləri üzrə götürülən mallar isə 85 827 manatlıq 6735 şüşə spirtli içki, 80 952 manatlıq tütün məmulatı, 61 407 manatlıq 409 ədəd mobil telefon, 484 301 manat dəyərində müxtəlif valyuta, 6624 manatlıq adi içkilər, 27 519 manatlıq dərman preparatları, 312 200 manatlıq 13 ədəd nəqliyyat vasitəsi, 18 300 manatlıq qarışıq mallar, 124 855 manatlıq pirotexniki vasitələr, 90 174 manatlıq qızıl məmulatı, 26 104 manatlıq 27 kq 955 qram balıq kürüsü, 43,5 kq barıt, 50 ədəd patron, 1 ədəd qaz balonu və 12 ədəd bıçaqdan ibarət olub.

2015-ci il ərzində İstintaq İdarəsinin icraatında olan 121 cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmləri əsasında ümumilikdə 97 kq 998,049 qram narkotik vasitə və psixotrop maddənin məhv edilməsi təmin edilib.

Hazırda İstintaq İdarəsinin icraatında olan cinayət işləri üzrə Azərbaycan Respublikasının iqtisadi mənafelərinin qorunması, habelə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizənin gücləndirilməsi istiqamətində cinayətlərin istintaqı davam etdirilir və cinayətlərin törədilməsinə imkan yaradan səbəb və şəraitin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti