...

Metroda bomba həyəcanı yaşadan şəxs məhkəmə qarşısında

Hadisə Materials 5 Oktyabr 2016 16:10 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə qəsdən yalan məlumat verməkdə təqsirləndirilən Fəqani İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Metroda bomba həyəcanı yaşadan şəxs məhkəmə qarşısında

Bakı.Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə qəsdən yalan məlumat verməkdə təqsirləndirilən Fəqani İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Təqsirləndirilən şəxs ittihamla özünü təqsirli bilməyib: "Mən telefonda deməmişəm ki, metroya bomba yerləşdirirəm. Polisə zəng edərək, xəstəxananın nömrəsini istəmişəm. Oradan da mənə dedilər ki, 104 xidmətinə zəng vurmalıyam".

Prosesdə şahid qismində ifadə verən polis kapitanı Arzu Tağıyev ifadəsində deyib ki, F.İsmayılov tərəfindən metro stansiyasına bomba qoyulacağı barədə məlumat daxil olub. Abşeron rayon polis şöbəsinin əməkdaşları hadisəni araşdırıb və zəng vuran şəxsi həbs edib.

Sonra təqsirləndirilən şəxsin 102 xidməti ilə telefon əlaqəsinin səs protokolu elan olunub.

Həmin vaxt F.İsmayılovun sərxoş vəziyyətdə olduğu bildirilib.

Məhkəmə prosesi oktyabrın 12-də davam etdiriləcək.

Qeyd edək ki, bu ilin fevral ayında naməlum şəxs DİN-ə zəng edərək metroya bomba qoyacağını deyib. 102 xidmətinə daxil olan zəngdən sonra araşdırmalara başlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon Şöbəsi, DİN-in Abşeron Rayon Polis İdarəsi və Metropolitendə Polis Şöbəsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin Abşeron rayonunun Saray qəsəbəsində yaşayan, İmişli rayon sakini 1977-ci il təvəllüdlü F.İsmayılov olması müəyyən edilib. Daha sonra həmin şəxs saxlanılıb.
O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti