...

Şahid: Binanın yanmasına səbəb alkaponların arasındakı boşluqlar olub

Hadisə Materials 3 Noyabr 2016 13:17 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli yaşayış binasında baş verən yanğında təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Şahid: Binanın yanmasına səbəb alkaponların arasındakı boşluqlar olub

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli yaşayış binasında baş verən yanğında təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə ifadə verən şahid Hicran Əlizadə təqsirləndirilən şəxs M.Mahmudovla birgə “Global Construction” MMC-nin təsisçisi olduğunu bildirib: "Səhimlərin 50 faizi mənim idi. Şirkət 2007-ci ildə yaradılıb, 2015-ci ilin mart ayında isə oradan ayırılmışam. 2011-ci ildə fabrik açdıq və bundan sonra orada binaların üzlənməsi ilə bağlı qəliblənən materiallar hazırlandı. Həmin materialları Türkiyədən alırdıq".

Şahid H.Əlizadə "poliuretan” məmulatlarının yanğına davamlı olduğunu söyləyib: "Binanın yanmasına səbəb alkaponların arasındakı boşluqlar olub".

Sonra ifadə verən zərərçəkmiş, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Xəyyam Babayev hadisə günü evdə olduğunu deyib: "Tikilidən tüstü qalxdığını gördüm. Tez aşağı düşdüm. Polislərdən soruşdum ki, Fövqəladə Hallar Nazirliyinə zəng vurmusuz? Onlar da "hə" dedilər. Daha sonra binada yanğın başladı. Evdə körpə uşağım var idi. Qalxıb onu aşağı düşürüb, avtomobillə ərazidən uzaqlaşdım. Həmin binada 2012-ci ildən yaşayıram".

X.Babayev hadisə günü özünü binadan atan Yaşar adlı şəxsi tanımadığını bildirib.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cinayət işinə cəlb ediliblər. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti