Bakı. Samir Əli - Trend:
Martın 2-də Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın zamanı həlak olan şəxslərin hamısının meyitləri ailə üzvlərinə təhvil verilib.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinin rəhbəri Tahir Əhmədov məlumat verib.
Onun sözlərinə görə, meyitlərin ailə üzvlərinə təhvil verilməsi prosesi analizlərdən sonra həyata keçirilib:
"Tanınmaz halda olan meyitlərdən DNK analizləri götürüldü, kimlikləri təstiqlənəndən sonra ailələrinə təhvil verildi".
Xatırladaq ki, martın 2-də səhər saatlarında Respublika Narkoloji Mərkəzdə baş verən yanğın nəticəsində 25 nəfər yanaraq ölüb, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirləndirilən Bakı şəhər sakini Məhəmməd Məmmədov saxlanılıb və barəsində həbs-qəti imkan tədbiri seçilib.