Bakı. Trend:
Göygöl rayonunda partlamamış hərbi sursat tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, 2018-ci il 06 aprel tarixində saat 11:41-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Göygöl rayonu, Quşqara kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olmuşdur.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə çay dərəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 3 ədəd partlamamış hərbi sursat (1 ədəd 120 mm-lik top mərmisi (3OF-49) və 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843)), 1 ədəd boş giliz və 1 ədəd partlamış mərmi qalığı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş mərmilərin ətrafında 5 000 kv.m əraziyə yerüstü və 100 kv.m əraziyə yeraltı baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.