...

Masallı rayonunda mərmi tapılıb (FOTO)

Hadisə Materials 29 Avqust 2018 04:21 (UTC +04:00)
Masallı rayonun Hişkədərə kəndi ərazisində mərmi tapılıb
Masallı rayonunda mərmi tapılıb (FOTO)

Bakı. Trend:

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, ötən gün saat 21:35-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 21:56-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Masallı rayonu, Hişkədərə kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Masallı rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Masallı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə 2018-ci il 29 avqust tarixində saat 02:35-də yuxarıda adı qeyd olunmuş ərazidə göl kənarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 76 mm-lik top mərmisi (OF-350A) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərminin tapıldığı yerin ətrafında 400 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 1 yanvar – 29 avqust 2018-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Astara, Abşeron, Daşkəsən, Beyləqan, Bərdə, Füzuli, Tərtər, Tovuz, Qazax, Qaradağ, Naftalan, Goranboy, Göygöl, Yevlax, Xızı, Şəmkir, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 22 ev və həyətyanı sahəyə, 17 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 1 ferma ərazisinə, 14 otlaq sahəsinə, meşə massivinə, su kanalına, çay sahilinə, Ağstafa su anbarının ətrafına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, dəmiryolu xəttinin yaxınlığına, elektrik deposuna, RPŞ-nin inzibati ərazisinə, hərbi hissənin yaxınlığına, Avtovağzal ərazisinə, Yuxarı Qarabağ kanalına, "ADY Container" MMC-nin inzibati ərazisinə, SHXÇDX-nin anbarına, Qarqar çayına, Araz su nasosu stansiyasının yaxınlığına, beton zavod və bazar ərazisinə baxış keçirilmiş, 3,579 ədəd partlamamış hərbi sursat, 1 ədəd piyada əleyhinə mina, 10 ədəd tank əleyhinə mina və 73 kq partlayıcı maddə (ammonit № 6 JV-200)aşkar olunaraq zərərsizləşdirilmiş, 112,915 kv.m ərazi yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti