...

Ağstafada tank əleyhinə raket aşkar olunub (FOTO)

Hadisə Materials 14 Aprel 2020 16:33 (UTC +04:00)
Ağstafada tank əleyhinə raket aşkar olunub (FOTO)

Bakı. Trend:

Aprelin 14-ü saat 12:42-də Dövlət Sərhəd Xidmətindən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Köhnə Qışlaq kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Trend-ə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə idarə olunmayan PQ-7S raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin ətrafında 250 kv.m əraziyə yerüstü, 75 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar - 14 aprel 2020-ci il tarixlərində 90 siqnal (əməliyyat çağırışı) əsasında 81 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Beyləqan, Daşkəsən, Füzuli, Gədəbəy, Göygöl, Xızı, Qazax, Qaradağ, Sabirabad, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbiristanlığa, çay sahilinə baxış keçirilib, 302 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd piyada əleyhinə mina, 15 ədəd tank əleyhinə mina və 5 674 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilib, 41 745 kv.m ərazi yerüstü və 5 016 kv.m ərazi yeraltı yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti