...

Sabirabadda satıcı qadını bıçaqlayan şəxs saxlanıldı

Hadisə Materials 20 May 2020 11:16 (UTC +04:00)
Sabirabadda satıcı qadını bıçaqlayan şəxs saxlanıldı

Bakı. Trend:

Sabirabad rayon prokurorluq və polis əməkdaşlarının həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində qəsdən adam öldürməyə cəhd cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs tutulub.

Sabirabad rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, mayın 19-da Sabirabad şəhərinin Heydər Əliyev prospektində yerləşən ərzaq mağazasında satıcı işləyən Saatlı rayon sakini Aygül Şərbətovaya çoxsaylı bıçaq xəsarətləri yetirilməsi barədə daxil olan məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib.

İlkin araşdırmalarla Saatlı rayonu, Novruzlu kənd sakini Fəxrəddin Əhmədovun tanışı A.Şərbətovanı qısqanclıq zəminində qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

F.Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib və səmimi peşman olmasını bildirib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti