...

Ağstafada 7 ədəd müxtəlif çaplı top mərmisi aşkar olunub (FOTO)

Hadisə Materials 6 Sentyabr 2020 21:21 (UTC +04:00)
Ağstafada 7 ədəd müxtəlif çaplı top mərmisi aşkar olunub (FOTO)

Bakı. Trend:

Sentyabrın 6-sı saat 12:31-də Dövlət Sərhəd Xidmətindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Köhnə Qışlaq kəndi ərazisində 7 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Trend-ə verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 7 ədəd müxtəlif çaplı top mərmiləri aşkar olunub. Aşkar olunmuş mərmilərdən 6 ədədinin üzərində partladıcı başlığı olmadığına görə, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb, 1 ədəd top mərmisinin partladıcı başlığı üzərində olduğuna görə daşınması mümkün olmamış və növbəti iş günü yerində zərərsizləşdirilməsi məqsədəuyğun hesab edilib.

Top mərmilərinin ətrafında 400 kv.m əraziyə yerüstü, 45 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 06 sentyabr 2020-ci il tarixlərində 275 siqnal (əməliyyat çağırışı) əsasında 247 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Oğuz, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 30 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilib, 533 ədəd partlamamış hərbi sursat (PHS), 17 ədəd piyada əleyhinə mina, 25 ədəd tank əleyhinə mina və 18 745 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilib, 89 700 kv.m ərazi yerüstü və 14 146 kv.m ərazi yeraltı yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti