...

Goranboyda top mərmiləri aşkarlanıb (FOTO)

Hadisə Materials 10 Sentyabr 2020 00:45 (UTC +04:00)
Goranboyda top mərmiləri aşkarlanıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Sentyabrın 9-u saat 15:17-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Goranboy rayonu, Yuxarı Ağcakənd kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Trend-ə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Xocalı rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Yuxarı Ağcakənd kənd məntəqəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Xocalı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 1 ədəd 30 mm-lik zenit top mərmisi (BZT) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin ətrafında 50 kv.m əraziyə yerüstü, 200 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 09 sentyabr 2020-ci il tarixlərində 278 siqnal (əməliyyat çağırışı) əsasında 250 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Oğuz, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 30 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilib, 537 ədəd partlamamış hərbi sursat (PHS), 17 ədəd piyada əleyhinə mina, 25 ədəd tank əleyhinə mina və 18 745 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilib, 90 210 kv.m ərazi yerüstü və 14 486 kv.m ərazi yeraltı yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti