...

Tenderi əlimizdən almasınlar deyə 1 milyon manat verdim - Vilyam Hacıyevin məhkəməsində şahid

Hadisə Materials 15 Aprel 2022 12:45 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs "MPC" MMC-nın təsisçisi Elnur Musayev bildirir ki, İmişli İcra Hakimiyyəti binasının tikilməsində bir neçə layihə təqdim edib.

"Tenderdə layihəmiz qalib oldu. Binanı tikməyə başladıq. Binanın tikintisi üçün 6 milyon 200 min manat məbləğdə müqavilə imzalamışıq. Amma 4 milyona yaxın məbləğ verildi. Onun da 18%-i ƏDV-ə çıxıldı.

Layihəmizi əlimizdən almamaq üçün məndən 990 min manat tələb etdilər. Həmin məbləği Sahilə xanıma verdim. Pulu hissə-hissə vermişəm. Dedi ki, tenderin alınmaması üçün pul Vilyam Hacıyevə veriləcək. Pulu verdikdən sonra heç bir problem olmadı. Layihənin təqdimatında iki dəfə Vilyam Hacıyevlə görüşmüşük”, - zərərçəkmiş bildirib.

Vilyam Hacıyev isə şəxsi tanımadığı və heç zaman görüşmədiyini deyir.

Vilyam Hacıyev zərərçəkmişə maddi marağı olduğu üçün rüşvət verdiyini deyib:

“Mən sənin verdiyin ifadələri yalan hesab edirəm. Mən sizdən rüşvət tələb etməmişəm. Əgər mənlə real görüşüb o pulu verməmisənsə, niyə rüşvət istədiyimi deyirsən?

Bəlkə, Sahilə xanım aparıb pulu Kür, Araz çayına atıb. Qeyri-qanuni pulu kimə vermisənsə, get onla danış. Mənə pul verməmisən. Sən qanunsuz iş görmüsən.
Sən yalan deyirsən. Əgər maddi marağın olması idi o qədər yüksək məbləğdə pul verməzdin”.

Digər zərəçəkmiş tikinti materialları istehsal edən Nakim Şərəfov isə deyib ki, 2019-cu ildə onu icra hakimiyyətinə dəvət edib, rayon tədbirlərinin təşkilinə görə 2 min 500 manat tələb edoblər: "Başçı dedi ki, apar pulu mühasibatlığa ver. Mən də verdim.

İşlədiyimiz sahədə kənd əhalisi ilə narazılıq yarandı. İcazə vermirdilər işləməyə, qanunsuz adlandırırdılar. Gəldim icra hakimiyyətinin qəbulunda oldum. Dedi ki, sənə kömək edərəm amma rayonda tədbirlərin təşkili üçün 10 min manat lazımdı.

Dedim ki, 10 min manatım yoxdu amma bacardığımı verərəm. 8 min 500 manat verdim. Məbləği verdikdən sonra işləri davam etdirdik”.

Təqsirləndirilən şəxsin vəkili ifadələrin yarımçıq olduğunu, məbləğlərin tam açıqlanmasının vacibliyini vurğulayıb.

Zərərçəkmiş Oqtay Gülmalıyev isə deyib ki, İmişlidə ev almağa görə icra hakimiyyətinə müraciət edib.

"Baş mühasib Cəmil Musayevlə danışdım. 15 min manat pul verib ev aldım. Mənzil növbəsinə durmamışam. Pul verdiyim üçün buna ehtiyac olmadı. Ev mənim adıma alınmadı. Əlilliyim vardı, amma evi pul verib aldım. Müharibə veteranının adına olan evi mən aldım. Çünki deyirdilər ki, veteran adından müraciət ediləndə ev almaq asan olur”-zərərçəkmiş bildirib.

Digər zərərçəkmiş Kamran Nuriyev isə deyib ki, babaslndan qalan torpaq sahəsini rəsmiləşdirmək üçün icra hakimiyyətinə müraciət edib: "Sərəncamın verilməsi üçün 800 manat pul tələb etdilər. 3-4 gün ərzində pulu toplayıb icra hakimiyyətinə təqdim etdim. 1 həftə sonra sərəncam verildi”.

Məhkəmənin növbəti iclası aprelin 18-ə təyin edilib

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti