Bakı. Trend:
"Azərışıq" ASC-nin vətəndaşlardan pul alan əməkdaşlarının işi məhkəməyə göndərilib.
Yevlax rayon prokurorluğundan Trend-ə verilən məlumata görə,
“Azərişıq” ASC-nin Mingəçevir Mərkəzi “Aran” Regional Enerji
Təchizatı və Satışı İdarəsinin sabiq əməkdaşları Rəsul Abuşov və
Rəfael Rəhimovun vətəndaşdan pul tələb edib almaları faktı ilə
bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət
işinin istintaqı yekunlaşdırılıb.
Belə ki, aparılmış istintaqla Rəsul Abuşov və Rəfael Rəhimov
tərəfindən tamah məqsədilə öz qulluq səlahiyyətlərindən istifadə
etməklə Yevlax rayon sakininin fərdi yaşayış evinə baxış
keçirilərkən sayğacdankənar işıq xəttinə qoşulma müəyyən edilsə də,
bununla bağlı akt tərtib edilməməsi müqabilində vətəndaşdan rüşvət
almalarına əsaslı şübhələr müəyyən edilib.
R.Abuşov və R.Rəhimova Cinayət Məcəlləsinin 308.1 (vəzifə
səlahiyyətlərindən sui-istifadə) və 311.3.1-ci (qabaqcadan əlbir
olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham
elan edilib.
Hazırda cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.