Bakı. Trend:
Lənkəranda evdə baş verən yanğında yataq xəstəsi xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə,
“112” qaynar telefon xəttinə Lənkəran şəhəri, Şəhidlər xiyabanı
küçəsində vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verməsi
barədə məlumat daxil olub.
Məlumat daxil olduqdan dərhal sonra FHN-in Dövlət Yanğından
Mühafizə Xidməti Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin
qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının
Bağırova Fazilə Bilal qızına məxsus ümumi sahəsi 96kv.m olan 1
mərtəbəli 4 otaqlı evdə baş verdiyi və yanğın başlamış otaqda yataq
xəstəsi olan vətəndaşın həyatı üçün təhlükəli vəziyyətin yarandığı
müəyyən edilib.
Yanğınsöndürənlər yanğına çevik müdaxilə edərək yayılmasına imkan
vermədən yanğını qısa müddətdə söndürüb və ev sahibinin həyat
yoldaşı yataqda olan 1-ci qrup əlil 1964-cü il təvəllüdlü Bağırov
Ədalət Nəhmət oğlunu xilas edərək aidiyyəti üzrə təhvil veriblər.
Yanğın zamanı 4 otaqlı evin 1 otağında 1 ədəd xalça qismən yanıb,
ev yanğından mühafizə olunub.