Bakı. Trend:
Saatlı Peşə Liseyinin sabiq direktoru Elxan Əzizəliyev və baş mühasib İdayət Rüstəmovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bu barədə Trend-ə Baş prokurorluqdan məlumat verilib.
İstintaq zamanı Elxan Əzizəliyevin İdayət Rüstəmovla cinayətkar əlaqəyə girib vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəhbərlik etdiyi təhsil müəssisəsinin əməkdaşları və digər şəxslərin adlarına açılmış bank kartı hesablarına dövlət vəsaitlərini köçürməklə, həmçinin müəssisənin balansında olan avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması üçün saxta əməliyyatlar icra etməklə 79 min manatdan artıq dövlət vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, İdayət Rüstəmovun 6 nəfər vətəndaşı sözügedən
quruma işə düzəltmək adı ilə aldadaraq ümumilikdə 8 min manatdan
artıq pul vəsaitini ələ keçirməsinə, bununla da onları vəzifəli
şəxsə rüşvət verməyə təkrarən təhrik etməsinə əsaslı şübhələr
müəyyən edilib.
Elxan Əzizəliyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda
ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə
səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı),
314.1-ci (səhlənkarlıq), İdayət Rüstəmova isə həmin Məcəllənin
178.2.2, 178.2.3 (təkrarən və şəxs tərəfindən öz qulluq mövqeyindən
istifadə etməklə dələduzluq), 179.3.2 (külli miqdarda ziyan
vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə
səlahiyyətlərindən sui-istifadə), 32.4, 312.2 (vəzifəli şəxsə
rüşvət verməyə təkrarən təhrik etmə) və digər maddələri ilə yekun
ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə
Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.