Bakı. Trend:
Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq, digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Chevrolet” markalı, 77-YX-266 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Səbuhi Bəşirov saxlanılıb.
Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı S.Bəşirovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək, baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə S.Bəşirovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 30 sutka inzibati qaydada həbs edilib.