Bakı. Trend:
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Sumqayıt şəhər prokurorluğundan Trend-ə bildirilib ki, yanvarın 29-u saat 4 radələrində Sumqayıt şəhəri ərazisində 1993-cü il təvəllüdlü Səbinə Babışovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1989-cu il təvəllüdlü Ağabala Babışovun yaşadıqları evdə bıçaqla xəsarətlər yetirərək arvadı Səbinə Babışovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ağabala Babışov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Eyni zamanda Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Trend-in sorğusuna cavab olaraq bildirib ki, yanvarın 29-da saat 5 radələrində Sumqayıt şəhərində yerləşən evlərin birində 1993-cü il təvəllüdlü Səbinə Babışovanın kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən onun əri, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Ağabala Babışov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.