Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Türkiyənin "Atlasjet" Hava Yolları şirkətinə məxsus olan qaçırılmış təyyarədəki sərnişinlərin adları açıqlanmır. Bu barədə Trend ə həmin şirkətdən məlumat verilib.
Bu gün - şənbə günü Türkiyənin İstambul şəhərindəki "Atlasjet" Hava Yolları şirkətinə məxsus sərnişin təyyarəsi Antalya şəhərindəki aeroportda qaçırılıb. Təyyarə Şimali Kiprdən İstambula uçurdu. Türkiyənin NTV kanalının yaydığı xəbərə görə, təyyarə "Əl-Kaidə" təşkilatına məxsus iki nəfər tərəfindən silahlı təhdid yolu ilə saxlanılıb. Təyyarə saxlanılan zaman içərisində 136 nəfər sərnişin və altı ekipaj üzvü olub. Hazırda sərnişinlərin bir qismi sərbəst buraxılıb.
"Atlasjet" Hava Yolları şirkətindən bildirilib ki, hələlik təyyarədə olan sərnişinlərin siyahısının açıqlanması məqbul hesab edilmir. Həmçinin təyyarədə Azərbaycan vətəndaşlarının olub-olmaması barədə də açıqlama verilməyib.