...

Mövsümi depressiya qeyri-adi işıq terapiyası ilə müalicə olunacaq

Maraqlı Materials 10 Noyabr 2011 19:34 (UTC +04:00)
Alimlər mövsümi affektiv pozğunluğun (MAP) müalicəsinin yeni üsulunu tapıblar.
Mövsümi depressiya qeyri-adi işıq terapiyası ilə müalicə olunacaq

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir X.Murtuzayeva/

Alimlər mövsümi affektiv pozğunluğun (MAP) müalicəsinin yeni üsulunu tapıblar. Bu tip depressiyalar ilin müəyyən dövrlərində, xüsusilə, gündüz saatlarının qısaldığı və insan orqanizminin daha az işıq qəbul etdiyi qışda və ya payızda baş qaldırır. Serotonin, yəni xoşbəxtlik hormonu adlandırılan hormonun ifrazı prosesinin pozulması nəticəsində insanda depressiya yaranır. "The Telegraph" qəzeti yazır.

Trend-in məlumatına görə, bundan əvvəl alimlər Günəş işığına oxşar mavi işıq saçan xüsusi "layt-bokslar" ixtira etmişdilər. Lakin bu variant bir çoxlarına əlverişli görünmədi. Axı, belə terapiya işləri təxirə salaraq ən azı bir saat bu qurğunun qarşısında vaxt keçirməyi tələb edirdi. Həm də effekt cəmi 40-60 faiz təşkil edirdi.

İndi serotoninin hazırlanması üçün lazım olan işığın qulaqlar vasitəsilə beyinə daxil olduğunu ehtimal edən alimlər yeni texnologiya fikirləşiblər. Onlarda belə bir ideyanın yaranmasına beyinin çoxlu sayda fotoreseptorlara malik olması üzündən gözlər kimi Günəş işığına həssas olması ilə bağlı kəşf təkan verib.

Tədqiqatı mövsümi affektiv pozğunluq hallarının ən yuxarı səviyyəsinin mövcud olduğu ölkə olan Finlandiyanın Oulu Universitetinin alimləri aparıblar. Onlar aydınlaşdırıblar ki, beyinin ən azı 18 hissəsi işığa həssas zülallara - opsinlərə malikdir ki, onlar gözlərdə də tapılıb.

Alimlər "Valkee" şirkəti ilə birlikdə "Ipod"a oxşayan və bir o qədər də baha olmayan qurğu hazırlayıblar. Onun dəyəri 185 funt təşkil edir. O, qulaqlarda yerləşdirilən xırda "fənər"lər vasitəsilə süni işığın gündəlik dozasını beyinə çatdırır. 89 könüllü üzərində aparılan kliniki sınaqlar göstərib ki, onların 79-dan 74-ü bu qurğudan gündə cəmi 8-dən 12 dəqiqəyədək istifadə etməklə mövsümi depressiyanın simptomlarından tam azad ola biliblər.

Xəbər lenti

Xəbər lenti