Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir E.Qəzvini/
İsrailin sabiq baş naziri Ariel Şaronun son tibbi müayinəsindən yeni təfərrüatlar üzə çıxıb.
Trend-in bu ölkənin 2-ci kanalı olan İTV-yə istinadən xəbərinə görə, eks-hökumət başçısının beynində fəallıq müşahidə olunub. Məlum olub ki, bu aktivlik xüsusilə ailəsinə aid şəkli komada olan Şarona göstərilən vaxt müşahidə olunub.
Maqnit tomoqrafiyasının nəticəsi habelə ondan ibarət olub ki, Şaron oğlu Giladın səsinə gözü və barmağını tərpətməklə reaksiya verib. Hazırda həkimlər 84 yaşlı yəhudi rəsmisinin tamamən koma vəziyyətində olmadığı qənaətindədir.
Xatırladaq ki, Ariel Şaron 2005-2006 illərdə ard-arda 2 insult keçirib. O vaxtdan bəri 7 ildir koma vəziyyətindən çıxa bilmir.