Azərbaycan, Bakı, 20 dekabr /Trend/
İngiltərədə yayımlanan "The Economist" dərgisi "İlin ən yaxşı ölkəsi"ni seçərək ilkə imza atıb.
Trend-in məlumatına görə, bir çox mətbuat orqanları ilin sonunda "ən yaxşı" şəxsləri seçərkən, "The Ecomomist" Uruqvayı "İlin ən yaxşı ölkəsi" elan edib.
Dərgidə dərc olunan məqalədə marixuana bitkisinin yetişdirilməsi və satışına qadağanı aradan qaldıran, təqribən 3,5 milyon əhalisi olan Uruqvayın digər ölkələri geridə qoyduğu bildirilir.
Məqalədə 2013-cü ildə Uruqvay da daxil olmaqla bir çox ölkənin eyni cinsli nikahları leqallaşdırdığı halda, Uruqvayın həm də narkotikdən istifadəyə icazə verən tək ölkə olduğu vurğulanır.
Marixuana bitkisinin yetişdirilməsi, yayılması və istehlakına qadağanın aradan qaldırılmasının cinayətkar qrupları daha da fəallaşdırdığı və daha ciddi cinayətlərə yol açdığı qeyd olunan məqalədə dünyada heç bir ölkənin bunu etmədiyi yazılır.
Dərgidə başqa ölkələrin də Uruqvayı örnək alacağı təqdirdə, narkotik maddələrin yol açdığı zərərin azaldıla biləcəyi də deyilir.
Qeyd edək ki, bu ölkədə marixuananın istehsalı və satışı üçün lisenziya almaq lazımdır. Alıcıların yaşı isə 18-dən aşağı olmamalıdır. Digər tərəfdən, alınacaq narkotik maddənin miqdarı ayda maksimum 40 qram təşkil etməlidir.