...

Nepaldan Papuaya 3 saatlıq səyahət (FOTO)

Maraqlı Materials 2 Mart 2016 17:50 (UTC +04:00)
195 iştirakçı səyahətə həsr olunmuş “Travelx: Nepaldan Papuaya” adlanan ilk tədbirin qonaqları olublar.
Nepaldan Papuaya 3 saatlıq səyahət (FOTO)

Bakı. Trend:

195 iştirakçı səyahətə həsr olunmuş "Travelx: Nepaldan Papuaya" adlanan ilk tədbirin qonaqları olublar.

Trend-in məlumatına görə, Travelx tədbirinin təşkilatçıları iştirakçılara məşhur səyahətçilərlə tanış olmaq, onların səyahət zamanı qarşılaşdığı maraqlı hekayələri dinləmək və onların səyahət təcrübələrindən yararlanmaq şəraiti yaradıblar. Spikerlər Cənubi və Cənub-Şərqi Asiya regionunda yaşadıqları macəraları iştirakçılarla bölüşüblər.

Tədbirdə Everesti fəth etmiş və "Seven Summits"i tamamlamış ilk azərbaycanlı İsrafil Aşurlı, ADA Universitetinin Köməkçi Professoru, Papuanın sivilizasiyadan uzaq qəbilələrində yaşamış Cavid Məmmədov, Boutique Travel Magazine jurnalında Baş Redaktor, Cənub-Şərqi Asiyanın bir neçə ölkəsində başına maraqlı hadisələr gəlmiş jurnalist Vyaçeslav Sapunov, uzun müddət Cənub-Şərqi Asiyada, xüsusən də Balidə yaşamış aktiv səyahətçi Nərgiz Səfərova və dünyanın 47 ölkəsinə səyahət etmiş, tədbirdə isə Kamboca səyahəti haqqında ətraflı danışan Türyan Məmmədov çıxış ediblər. Əlavə olaraq Cənubi və Cənubi-Şərqi Asiyanın əksər ölkələrində olmuş, Hindistanda, Vyetnamda və İndoneziyada yaşamış azərbaycanlı səyahətçi-bloqer Nailə Axundova da tədbirə onlayn şəkildə qoşulub.

Travelx layihəsinin meneceri Baba Ağayevin sözlərinə görə, tədbir mütəmadi olaraq keçiriləcək və müxtəlif səyahət mövzularını əhatə edəcəkdir.

Layihənin əsas məqsədi aktiv turizmin tanıtımı və dünyanın istənilən nöqtəsinə maraqlı səfərlərin təşkilini stimullaşdırmaqdır.

Bundan əlavə, tədbirin sonunda Qatar Airways-dən xüsusi müsabiqə keçirilib. Tədbirin şanslı iştirakçısı Kamran Cavad-zadə Bakıdan dünyanın istənilən 154 nöqtəsindən birinə bu hava yolları ilə səyahət imkanı əldə edib.

Travelx tədbirinin təşkilatçısı Vizam.az, Baş Sponsoru isə AtaTraveldir.

Tədbirinin informasiya tərəfdaşları: Trend, Day.az, Milli.az, Azernews.az, 107.7 Auto.fm, Gənclik Tərəfdaşı isə AIESEC Azerbaijan qeyri-hökumət təşkilatıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti