Bakı. Trend:
Ukrayna Milli Reyestri tərəfindən hazırlanan "Dünya Rekordları 2016" kitabında azərbaycanlı pəhləvan qardaşların adı yer alıb.
Trend-in məluymatına görə, Ukraynada kecirilmiş "Talant" şousunda iştirakları ilə böyük rezonans yaradan soydaşlarımız yeni rekord göstəriciləriylə kitabda yer aliblar.
Hüseyn Pəhləvanoğlu (Abdülhüseynov) boğaz boşluğuna keçirilmiş qarmaqla 33 kq və hər əlində 16 kq olan ağırlıq daşı ilə nömrə göstərib, sonra isə kəsici və iti aləti boğazına qoyaraq üzərinə 67 kq çəkidə adamı çixararaq 15 saniyəyədək dayanıb. O, bu nömrələrin nümayişi ilə rekorda imza atıb.
Laçın Pəhləvanoğlu isə (Abdülhüseynov) hər gözündə 16,5 kq ağırlıqlı daş olmaqla 33 kq və hər əlində 16 kq-lıq çəki daşları ilə olan nömrə ilə rekorda imza atıb.
Qardaşlar yeni rekord nömrələrinin təqdimatı üçün yenidən Ukraynaya dəvət alıblar.
Qeyd edək ki, Hüseyn Pəhləvanoğlu qol güləşi üzrə Dünya Çempionatının iştirakçısı, Rusiya çempionu, dəfələrlə Respublika çempionu və qeyri-adi istedadına görə dünya rekordçusudur. Laçın Pəhləvanoğlu isə qol güləşi üzrə dəfələrlə Respublika çempionu, qeyri-adi istedadına görə, ilk azərbaycanlı 4 qat dünya rekordçusu, Pəhləvan Əli İdman Klubunun baş məşqçisidir. Azərbaycanın adını dünyanın müxtəlif ölkələrinin arenalarında səsləndirən, dövlət bayrağımızı beynəlxalq yarışlarda dalğalandıran, Azərbaycanın qədim nadir el sənətinin davamçıları olan qardaşlar məşhur Əli Pəhləvanın oğlanlarıdır.