Azərbaycan, Bakı, 18 yanvar/ Trend , müxbir K.Ramazanova/ Dağlıq Qarabağın Azərbaycan icmasının danışıqlar prosesinə cəlb edilməsi Azərbaycanın qərarından asılıdır. Bu barədə jurnalistlərə cümə günü Bakıda ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib.
ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye isə dünən Yerevanda bildirib ki, Yerevanda və Bakıda Dağlıq Qarabağın danışıqlar prosesinə cəlb edilməsi məsələsi ətrafında müzakirələr aparılıb.
"Biz həmişə bildirmişik ki, danışıqlar prosesində elə bir an gələcək ki, Dağlıq Qarabağın iştirakı lazım olacaq" - deyə Merzlyakov vurğulayıb.
Onun sözlərinə görə, bu baza prinsipləri razılaşdırılandan və tərəflərin saziş mətni üzərində işə başlamasından sonra olacaq. O həmçinin qeyd edib ki, saziş mətni üzərində Dağlıq Qarabağa aid bir çox detallar olacaq.