...

AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsinin sədri Azərbaycana gəlir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Fevral 2008 01:05 (UTC +04:00)

Azərbaycan, Bakı 7 fevral / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsinin sədri lord Rassel Constonun cümə axşamı Azərbaycana səfəri başlayır. Bu barədə Trend ə Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsindən məlumat verilib.

Səfərdə məqsəd Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti öyrənmək və münaqişənin həlli ilə bağlı aparılan sülh danışıqlarının gedişi ilə tanış olmaqdır. Alt Komitənin sədri Azərbaycanı və Ermənistanı təmsil edən deputatların görüşünün keçirilməsi məsələsini də müzakirə edəcək.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

AŞPA 2005-ci ilin yanvarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1416 saylı qətnamə qəbul edib. Qətnamədə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi qeyd olunub və münaqişənin həlli ilə bağlı təkliflər əks olunub. Qurum sənədin həyata keçirilməsinə nəzarət etmək üçün Alt Komitə yaradılıb.

Alt Komitənin sədri Milli Məclisin sədri Oqtay Əsədov, daimi komissiyaların rəhbərləri, parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşəcək. Constonun prezident İlham Əliyevlə görüşü də nəzərdə tutulub.

Səfər fevralın səkkizində başa çatacaq.

Xəbər lenti

Xəbər lenti