...

Azərbaycanın ictimai-siyasi qurumları ATƏT-in Minsk qrupundan imtina edilməsini tələb edirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Mart 2008 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın ictimai-siyasi qurumları, siyasi partiyaları ATƏT-in Minsk qrupundan imtina olunmasını tələb edirlər.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 62-ci sessiyasında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət haqqında" Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi qətnamə layihəsi qəbul edilib. Qarabağ münaqişəsinin dinc yolla həlli məqsədilə Ermənistanla Azərbaycan arasında vasitəçilik edən ATƏT-in Minsk qrupunda həmsədr ölkələrin hər üçü - ABŞ, Rusiya və Fransanın nümayəndələri bu qətnamənin əleyhinə - dolayısıyla Azərbaycanın ərazi bütövlüyünün əleyhinə səs veriblər.

Dünya Azərbaycanlılarının Beynəlxalq Qarabağ Forumu hesab edir ki,

bu sənədin qəbulunu xarici siyasətimizin qələbəsi hesab etmək olar: "Amma ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin qətnamənin, yəni, dolayısı ilə Azərbaycanın ərazi bütövlüyünün əleyhinə səs verməsi, antiazərbaycan mövqe göstərməsi gözlənilən idi. ATƏT münaqişədə vasitəçilik missiyasına başladığı gündən işğalçı Ermənistanın mövqeyini müdafiə edib, münaqişəli durumun saxlanılmasına, konservləşdirilməsinə çalışıb, mövcud status-kvonun Ermənistanın xeyrinə olmasını bəhanə edərək, tez-tez Azərbaycanı "bəzi" reallıqlarla barışmağa çağırıb. Son fakt isə Azərbaycan tərəfinə ATƏT-in vasitəçilik missiyasından imtina etmək üçün ciddi əsas verir"-deyə bəyanatda bildirilir.

Qurum hesab edir ki, Azərbaycan bütün qüvvə və imkanlarını səfərbər edərək işğal altındakı torpaqlarını azad etmək üçün ədalətli müharibəyə başlamalıdır.

Müxalifətçi Azərbaycan Demokrat Partiyasının yaydığı bəyanatda bildirilir ki, qətnamənin BMT-də cəmi 39 üzv ölkə tərəfindən dəstəklənməsi beynəlxalq hüquq çərçivəsində Dağlıq Qarabağ probleminin ədalətli həllinin böyük risk daşıdığını göstərir. ADP bildirir ki, digər 100 dövlətin, o cümlədən ATƏT-ə üzv dövlətlərin bu məsələdə bitərəf qalması ATƏT-in Lissabon və İstanbul sammitlərində Azərbaycan iqtidarının prinsipial mövqe nümayiş etdirməməsinin nəticəsidir. Eyni zamanda 9 ölkənin, o cümlədən ATƏT-in Minsk qrupunda həmsədr ölkələrin bu qətnamənin əleyhinə çıxması açıq şəkildə Ermənistanın işğalçı siyasətinin dəstəklənməsi və beynəlxalq hüquqa hörmətsizlikdir.

ADP hesab edir ki, həmsədr dövlətlərin ermənipərəst mövqe tutması və Minsk qrupunun problemin həlli ilə bağlı bundan əvvəl verdikləri Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına xidmət edən təklifləri heç də təsadüfi xarakter daşımır: "Bütün bunları nəzərə alaraq Minsk qrupunun buraxılmasını, onların əvəzinə bitərəf dövlətlərin iştirakı ilə yeni vasitəçi qrupunun yaradılmasını zəruri hesab edirik"-deyə ADP-nin bəyanatında bildirilir.

"Azərbaycan Yolu Siyasi Hərəkatı"nın bəyanatında bildirilir ki, qətnamənin qəbulu Azərbaycan dövlətinin milli maraqlarına cavab verməklə yanaşı bir daha sübut etdi ki, Minsk qrupu həmsədrlərinin təklif etdiyi sonuncu Madrid sənədi münaqişənin heç də ədalətli həlli variantı deyilmiş.

"Azərbaycan Yolu Siyasi Hərəkatı Azərbaycan hakimiyyətindən tələb edir ki, Qarabağ danışıqlarının indiki mərhələsi barədə xalqa geniş məlumat verilsin. Eyni zamanda ermənipərəst mövqe tutan Minsk qrupu həmsədrlərindən imtina edilməsi və yaxud da tərkibinə yenidən baxılması üçün təkliflə çıxış etsin"-deyə bəyanatda vurğulanır.

Qarabağ Azadlıq Təşkilatı da Minsk qrupunun vasitəçiliyindən ipmtina olunmasını tələb edir. "Minsk qrupuna həmsədrlik edən ölkələrin açıq ermənipərəst mövqe tutmaları, xristian təəssübkeşliyinə üstünlük vermələri, Azərbaycanın haqlı mövqeyinə biganə qalmaları artıq heç kəsdə şübhə doğurmamalıdır. Minsk qrupunun həmsədr ölkələri qətnamədə göstərilən 2 adi məsələyə - Azərbaycanın ərazi bütövlüyü və Ermənistanın silahlı qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı məsələlərə səs verməməklə özlərin ifşa etdilər. Bundan sonra danışıqların Minsk qrupu çərçivəsində davam etdirlməsi mümkün deyil və Azərbaycan hakimiyyəti bu ölkələrlə münasibətlərinə yenidən baxmalı, Minsk qrupu həmsədrlərinin üzdəniraq vasitəçilik missiyasından imtina etməlidir"-deyə QAT tələb edir.

QAT həmçinin hesab edir ki, həmsədrlər Azərbaycanda arzuolunmayan şəxslər elan edilməli, antiazərbaycan mövqeyində dayanan ölkələrin nümayəndələri boykot olunmalıdır.

"Bizim Azərbaycan" bloku da Azərbaycan iqtidarından ATƏT-in vasitəçilik missiyasından imtina etməsini tələb edib.

Müxalifətçi Azərbaycan Milli İstiqlal Partiyası Minsk qrupu qarabağ danışıqları prosesindən uzaqlaşdırılmalısını, Azərbaycanın hərb yolu ilə öz torpaqlarını işğaldan azad etməsi üçün işlərə başlamasını tələb edib.

BMT Baş Assambleyası Azərbaycan tərəfinin təklif etdiyi "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət haqqında" Qətnaməni dəstəkləyib. 39 ölkə sənədin lehinə, yeddisi əleyhinə səs verib, 100 ölkə isə bitərəf qalıb.

Qətnamədə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında olan silahlı münaqişənin beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaratmaqda davam etməsi və Cənubi Qafqaz ölkələrində humanitar vəziyyətə mənfi təsir göstərməsi ilə bağlı ciddi narahatlıq bildirilir. "Baş Assambleya yenidən bildirir ki, heç bir dövlət Azərbaycanın ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyəti qanuni tanımamalı və vəziyyətin belə qalmasına yol verməməlidir"-deyə sənəddə bildirilir.

Qətnamədə erməni silahlı qüvvələrinin Azərbaycanın bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının vacibliyi vurğulanır. Qətnamə Azərbaycanın işğal edilmiş ərazilərindən qovulmuş əhalinin öz evlərinə qayıtmaq hüququnu təsdiqləyir və bu qayıdış üçün, münaqişədən zərər çəkmiş ərazilərin tam reabilitasiyası da daxil olmaqla, lazımi şəraitin yaradılmasının vacibliyini vurğulayır.

Xəbər lenti

Xəbər lenti