...

Azərbaycan mina əleyhinə mübarizə barədə hesabatı BMT-yə təqdim edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Noyabr 2008 14:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr / Trend Ne , müxbir C.Babayeva/ Azərbaycan mina əleyhinə mübarizə barədə könüllü hesabatı BMT Baş Assambleyasına təqdim edib.

"Azərbaycanın hesabatı 24-28 noyabrda Cenevrədə keçiriləcək Ottava konvensiyasına qoşulan ölkələrin illik konfransının rəsmi materiallarına daxil olunacaq", - cümə günü Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin (MƏAKİB) sədri Hafiz Səfixanov deyib.

"Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatlarının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və məhv edilməsi" barədə Konvensiya 1997-ci ilin dekabrında Ottavada imzalanmaya təqdim olunub. Sənədə 156 ölkə qoşulub.

Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycan konvensiyaya qatılmasa da, ölkə sənəddən irəli gələn öhdəliklərin bir çoxuna əməl edir.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb.1992-ci ildən etibarən Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Azərbaycanda mina istehsalı, tranziti və ehtiyatların toplanması faktı qeydə alınmayıb. "Ermənistanla atəşkəs sazişi imzalandıqdan sonra Azərbaycan minalardan istifadə etməyib. Amma hərbi əməliyyatlar bərpa olunacağı təqdirdə Azərbaycanın minalardan istfiadə edəcəyi istisna deyil. Azərbaycan Konvensiya çərçivəsində keçirilən tədbirlərdə rəsmən iştirak edir və mina problemləri üzrə problemləri təqdim edir", - birliyin yaydığı məlumatlarda deyilir.

Azərbaycan artıq üçüncü ildir ki, Ottava Konvensiyasının universiallaşmasına yönələn qətnamələrin lehinə səs verir.

Səfixanovun sözlərinə görə, Azərbaycan könüllü hesabatını Konvensiyanın 7-ci maddəsinə (Şəffaflıq tədbirləri) əsasən hazırlayıb.

"Hesabatda xüsusi qeyd olunub ki, Azərbaycan hər il minalar əleyhinə mübarizəyə ayrılan vəsaitin həcmini artırır", - o deyib.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti