Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycan cümə günü erməni əsgərinin meyitini qoşunların Ağdam rayonundakı təmas xəttində Ermənistana təhvil verəcək, Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend -a məlumat verilib.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan ordusunun postlarını ələ keçirmək və öz mövqelərini möhkəmləndirmək məqsədilə yanvarın 26-da saat 19:00-dan Azərbaycanın Ağdam rayonunun Cəvahirli kəndi istiqamətində irəliləməyə başlayıblar. Bir saat davam edən döyüş zamanı düşmən üç itki və bir neçə yaralı ilə geri çəkilib. Bir erməni əsgərinin cəsədi təmas xətti yaxınlığında qalıb. Erməni hərbçilər qalan cəsəd və yaralıları götürüblər.
Mətbuat xidmətindən bildirilib ki, erməni əsgərinin meyitinin əvəzində Ermənistan tərəfindən Azərbaycanın hərbi əsirinin qaytarılıb-qaytarılmayacağı hələ məlum deyil.
Ermənistanda Azərbaycan əsgəri Rafiq Həsənov hərbi əsirlikdədir. O, ötən ilin oktyabr ayında naməlum şəraitdə əsir düşüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]