...

Azərbaycanın diaspor təşkilatları sərhədlərin açılmasına etiraz edirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Aprel 2009 14:02 (UTC +04:00)

Azərbaycan, Bаkı, 10 aprel / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanın diaspor təşkilatları Türkiyə-Ermənistan sərhədlərinin açılması xəbərinə etiraz edirlər.

"Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) bəyanatında deyilir ki, əsrlərlə türk xalqına düşmən kəsilən, yüz minlərlə türkün qanını axıdan işğalçı Ermənistanla sərhədlərin açılması türk xalqının və türk dünyasının mənafelərinə xidmət etməyən addım ola bilər", - cümə günü Trend -a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Trend -un arayışı: Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Ukraynadakı 500 minlik Azərbaycan diasporu adından ünvanlanan sənəddə UAK ümid edir ki, Türkiyə rəhbərliyi mövcud şəraiti düzgün qiymətləndirərək, bu məsələyə həssaslıqla yanaşacaq və türk dünyasının maraqlarına uyğun addımlar atacaq.

Komitədən bildirilir ki, İsveçdə fəaliyyət göstərən "Azərbaycan Naminə" Cəmiyyəti isə Türkiyənin bu ölkədəki səfirliyinə müraciət göndərib. "Düşünürük ki, əsrlər boyu davam edən erməni yalanlarını və vəhşiliklərini dərindən bilən diplomat kimi siz də sərhədlərin açılmasına "yox" deyəcəksiniz. Əks təqdirdə 70 il ərzində bizi bir-birimizdən ayıra bilməyən sovet imperiyasının əlində oyuncağa çevrilmiş ermənilər öz hiylələri ilə buna nail olacaqlar", - müraciətdə vurğulanır.

Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi də Türkiyə prezidenti Abdullah Gülə müraciət ünvanlayıb. Gürcüstandakı soydaşlarımızın fikrincə, Dağlıq Qarabağ probleminin həllini ümidlə gözlədiyimiz bir vaxtda sərhədlərin açılması məsələsinin ön plana keçməsi həqiqətən də narahatlıq doğurmaya bilməz.

Komitənin məlumatında qeyd edilir ki, Qazaxıstanda yaşayan azərbaycanlılar adından Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə "Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı" münasibət bildirib. Bu diaspor təşkilatı Türkiyə Cumhuriyyətinin prezidenti Abdullah Gülə bəyanat ünvanlayıb. "Biz, Qazaxıstanda yaşayan azəri və türk birlikləri, icmaları inanırıq ki, Türkiyə dövləti öz prinsiplərinə sadiq qalacaq, Azərbaycanın maraqlarına zidd addım atmayacaq, vətənimizin ərazi bütövlüyünün bərpasında bizə layiqli kömək göstərəcək", - sənəddə bəyan edilib.

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının Abdullah Gülə müraciətində deyilir: "Sizə və hakim Ədalət və İnkişaf Partiyasına bildiririk ki, Türukiyə-Ermənistan sərhədlərinin açılmasına yönəlmiş siyasətin qəti əleyhinəyik. Türk dünyasının ulu öndərləri Atatürk və Heydər Əliyevin "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və "Bir millət-iki dövlət" prinsiplərinə xəyanət etməməliyik".

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti