...

İslam Konfransı Təşkilatı islam ölkələrini işğalçı Ermənistanla əməkdaşlıq etməməyə çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Aprel 2009 15:08 (UTC +04:00)
İslam Konfransı Təşkilatı islam ölkələrini işğalçı Ermənistanla əməkdaşlıq etməməyə çağırıb

Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir K.Zərbalıyeva /

İslam Konfransı Təşkilatı (İKT) islam ölkələrini işğalçı Ermənistanla əməkdaşlıq etməməyə çağırıb.

"Quruma üzv­ ölkələrdən hər hansı biri Ermənistanın işğalçı siyasətini pisləyən qətnamələri pozub, rəsmi İrəvanla hər hansı münasibətlər qurursa, İslam ölkələri həmin dövlətlərə qarşı təzyiqlər etməlidir", - bunu çərşənbə günü Bakıda keçirilən İKT-yə üzv ölkələrin hüquq-mühafizə orqanları rəhbərlərinin konfransının yekununa həsr olunmuş mətbuat konfransında qurumun baş katibinin müavini İzzət Kamal Müfti deyib.

Trend -un arayışı: Aprelin 21-22-də Bakıda İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin konfransı keçirilib.

Konfrans hüquq-mühafizə sahəsində İslam Konfransı Təşkilatına üzv olan dövlətlər arasında qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərinin müəyyən edilməsinə yönəlib.

Konfrans zamanı İKT üzv dövlətlər arasında transmilli mütəşəkkil cinayətkarlıq, xüsusilə beynəlxalq terrorçuluq, ekstremizm, təcavüzkar separatizm, silahların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya, cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, korrupsiyanın qarşısının alınması sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Konfransın sonunda Bakı Bəyannaməsi qəbul edilib.

İKT rəsmisi bu fikirdədir ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşan islam ölkələri bu qətnamələri pozan ölkələrə qarşı təzyiq nümayiş etdirməlidir.

"Bəzi ölkələr İKT-nin qətnamələrini pozursa, bu o demək deyil ki, İKT rəhbərliyi bununla razıdır. Qətnamələrin pozulması İKT ölkələri tərəfindən qətiyyətlə pislənilir", - dəyə Müfti bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti