Azərbaycan, Bakı, 01 may / Trend , müxbir A.Hüseynbala /
Ermənilər Azərbaycan Ordusu ilə bağlı məlumat almaq üçün Ermənistandakı əsirimizə ağır işgəncələr verir, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu cümə günü keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.
Trend -un arayışı: Azərbaycan Ordusunun əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu ötən il oktyabrın 8-də Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.
Ermənistan KİV-ləri onun Azərbaycan vətəndaşlığından imtina etməsi və üçüncü ölkəyə keçmək istəməsi ilə bağlı bir müddət əvvəl məlumatlar yayıb.
Əsir və itkin düşmüş və girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şain Sailov öncə Trend -a bildirib ki, əsirin üçüncü ölkəyə keçmək istəməsi ilə bağlı Dövlət Komissiyasına beynəlxalq təşkilatlardan rəsmi sənəd daxil olmalıdır.
Sailovun sözlərinə görə, Komissiya tərəfindən Həsənovun Azərbaycana qaytarılması ilə bağlı bütün zəruri addımlar atılır.
Əsirin atası Rəhman Həsənov oğlunun üçüncü ölkəyə getmək istəməsi ilə bağlı yayılan məlumatları erməni təxribatı kimi qiymətləndirib.
Sabiroğlu bildirib ki, əsirə işgəncələr verilməsinə baxmayaraq, ermənilər öz istəklərinə nail ola bilməyib.
Nazirlik rəsmisi deyib ki, ermənilərdən fərqli olaraq, Azərbaycan Ermənistanın əsir düşmüş hərbçilərinə humanist davranır.
"Azərbaycana əsir düşən 3 erməni əsgərindən ikisi xəstə idi. Biz onların müalicəsini təşkil etdik", - deyə Sabiroğlu vurğulayıb.
Mətbuat xidmətinin rəhbəri deyib ki, Ermənistanda əsirlikdə olan Həsənovun qaytarılması üçün danışıqlar aparılsa da, əsirin qaytarılması üçün hələlik razılıq əldə olunmayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]