Azərbaycan, Bakı, 25 may / Trend , müxbir C.Babayeva /
"Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqdakı görüşü məhsuldar olmalıdır", - Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev jurnalistlərə deyib.
Azərbaycan və Ermənistan liderləri iyunun əvvəlində Sankt-Peterburqdakı iqtisadi forum çərçivəsində görüşməyi və Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etməyi planlaşdırırlar.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz, sülh danışıqları aparılır.
"Dünya ictimaiyyəti yaxşı başa düşür ki, həqiqət Azərbaycanın tərəfindədir", - Nuriyev bildirib. "ABŞ, Rusiya və Aİ Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır. Kimin təcavüzkar, kimin isə Dağlıq Qarabağ münaqişəsində təcavüzün qurbanı olduğunu yaxşı bilirlər", - o bildirib. "Azərbaycan Dağlıq Qarabağa sərmayə qoymağa hazırdır. Ancaq bu yalnız Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən çıxmasından, qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasından sonra baş verə bilər", - mərkəzin başçısı deyib.
"Ermənistan regionun müasir geosiyasətinin reallıqlarını görməlidir", - o deyib. "Ermənistan kompromisə getməli və konstruktivlik nümayiş etdirməlidir. Azərbaycan tərəfinin konstruktivizmi bütün sərhədləri aşıb", - Nuriyev bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]