...

ABŞ-ın Dağlıq Qarabağ məsələsindəki mövqeyi "Madrid prinsipləri"nə hörmət deməkdir – səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 İyun 2009 17:43 (UTC +04:00)
ABŞ-ın Dağlıq Qarabağ məsələsindəki mövqeyi "Madrid prinsipləri"nə hörmət deməkdir – səfir

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir E.Тariverdiyeva /

"ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsindəki mövqeyi dəyişməz olaraq qalır, bu, məsələnin sülh yolu ilə və ATƏT-in Minsk qrupu tərəfindən hazırlanmış "Madrid prinsipləri"nə hörmət edilməklə həllidir", - çərşənbə günü ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi jurnalistlərə deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

"Bu prinsiplər balansı saxlamalı və münaqişə tərəfləri arasında müzakirə olunmalıdır", - Dörsi bildirib.

"Xalqın iradəsinin ifadə edilməsinin istənilən mexanizmi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə daxil edilməlidir", - ABŞ dövlət katibinin Avropa-Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon Yerevanda jurnalistlərə deyib, "Novosti-Armeniya" yazır.

Qordonun fikrincə, xalqın öz müqəddəratını müəyyən etmə hüququ ərazi bütövlüyü və güc tətbiq etməmə prinsipləri ilə eynilik təşkil edir.

"Nəticə balanslı şəkildə hər üç prinsipi özündə əks etdirməlidir, çünki onların hər birinin xüsusi əhəmiyyəti var", - Qordon əlavə edib.

"Qordon iki aydır bu postu tutur və regiona səfərindən sonra o, Dağlıq Qarabağ münaqişəsi ilə yaxından tanış olacaq", - Dörsi qeyd edib.

ABŞ dövlət katibinin Avropa-Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon, Bakıda Barak Obama Administrasiyasının Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində iştirakının mümkünlüyünü müzakirə edəcək.

Qordonun Bakıya səfəri iyunun 11-nə təyin edilib.

"Qordon Bakıda hökumət və vətəndaş cəmiyyəti nümayəndələri ilə enerji təhlükəsizliyi məsələləri də daxil olmaqla ikitərəfli və regional məsələləri müzakirə etməyi planlaşdırır", - Trend -a çərşənbə günü ABŞ səfirliyindən məlumat verilib.

Qordon bu posta mayın 15-də təyin olunub və bu, onun bu vəzifədə regiona ilk səfəridir.

"Qordon ABŞ dövlət katibinin köməkçisi olaraq bütün səylərini "demokratiyanın inkişafına, iqtisadi islahatlara, milli suverenliyin və ərazi bütövlüyünün müdafiəsi, həmçinin münaqişələrin həllinə yönəldəcək", - məlumatda bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti