...

Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə dəstəkləyir - səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyun 2009 12:49 (UTC +04:00)
Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə dəstəkləyir - səfir

Azərbaycan, Bakı, 11 iyun / Trend , müxbir A.Hüseynbala /

Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə dəstəkləyir və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarıdır. Bu sözləri Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kerolayn Braun (Caroline Brown) Tovuz rayonuna səfəri zamanı bildirib. Səfir cəbhə xəttində yerləşən kəndlərdə olub.

Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə Tovuz rayonuna səfər edən Braun əvvəlcə şəhidlərin məzarını və məscidi ziyarət edib. Diplomat daha sonra Tovuz rayon İcra Hakimiyyətində yerli rəsmilər və millət vəkili ilə görüşüb. Görüşdə səfirə Tovuzun tarixi, iqtisadi potensialı, yerli istehsal növləri, biznes sahələri ilə bağlı məlumat verilib. Xarici iş adamlarının Tovuzda kənd təsərrüfatı məhsullarının emal sahələrinə sərmayə yatırması, bu sahədə yerli sahibkarlarla əməkdaşlığın qurulması mümkün olduğu vurğulanıb. Qonaqlar sonra Tovuzun Ermənistanla sərhəddə yerləşən Ağdam və Əlibəyli kəndlərində olublar. Burda yerli sakinlərlə görüşən səfirə ermənilərin cəbhənin bu istiqamətində törətdikləri yanğınlar, qəbiristanlığı yandırmaları kimi vandalizm aktları, kənd təsərrüfatı ilə məşğul olan dinc əhalini atəşə tutmaları barədə məlumat verilib. Səfir ermənilərin atəşkəsi pozması nəticəsində zədələnən evlərə və məktəb binasına baş çəkib, öz həyətlərində işləyən zaman ermənilərin snayperlərlə hədəfə alaraq yaraladığı dinc insanlarla söhbət edib. Diplomat rastlaşdığı mənzərədən təsirləndiyini gizlətməyib.

Braun təəssüflənir ki, bu hadisələrdən qərb də daxil olmaqla, bir çox ölkələr xəbərsizdir.

"İnsanlar bəzən bu münaqişəni donmuş münaqişə adlandırırlar. Həqiqətən öz bədənində qəlpələri gəzdirən insan, burda dinc sakinlərin rahat buraxılmaması dondurulmuş münaqişə sözü kimi qəbul edilməyən ifadədir. Böyük Britaniya bunu dondurulmuş münaqişə deyil, öz həllini tapmamış müharibə adlandırır. Mənim dövlətim Azərbaycanın suverenliyi, ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edir. Bizə tam aydındır ki, bu regionda yaşayan ölkələrin sərhədləri hardan başlayır harda qurtarır", - səfir deyib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunan səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə dəstəklədiyini və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarı olduqlarını bildirib. 

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Daha sonra səfir xanım Braun Tovuzun fəal qadınları, qeyri-hökumət təşkilatları, eyni zamanda fəal şagirdləri və müəllimləri ilə görüşüb. Şagirdlərin səfirə sualları əsasən Ermənistanın işğalçılıq siyasəti ilə bağlı olub. Tovuza səfəri zamanı səfirə saz və milli kələğayı hədiyyə olunub. Səfir, həmçinin Tovuzda yerləşən "Baltiya" şirkətinin şərab evinə baş çəkib, yerli istehsalla tanış olub. Səfərinin sonunda səfir Tovuzda yerləşən regional "Simurq-M" televiziyasının fəaliyyəti ilə tanış olub, kollektivlə görüşüb və millət vəkili Paşayeva ilə birlikdə canlı yayımda sualları cavablandırıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti