...

Türkiyə-Rusiya yaxınlaşması Dağlıq Qarabaq probleminin həllinə müsbət təsir edə bilər - Türkiyə Milli İstihbarat Təşkilatının sabiq analitiki

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Avqust 2009 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 avqust / Trend , müxbir R.Hafizoğlu /

Türkiyə Milli İstihbarat Təşkilatının (Milli Kəşfiyyat Komitəsinin) keçmiş analitiki hesab edir ki, Türkiyə-Rusiya yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilər.

"Hesab edirəm ki, Ərdoğan və Putin bağlı qapılar arxasında Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər və Türkiyə-Rusiya yaxınlaşması bu münaqişənin həllinə müsbət təsir edə bilər", - Türkiyə Milli İstihbarat Təşkilatının keçmiş analitiki Mahir Kaynak cümə axşamı Ankaradan telefonla Trend -a bildirib.

Trend -un arayışı: Bu gün Rusiyanın Baş naziri Vladimir Putin Türkiyədə səfərdədir. Bu barədə Türkiyənin CİHAN informasiya agentliyi məlumat verib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Kaynak hesab edir ki, Dağlıq Qarabağ probleminin hələ də öz həllini tapmaması Türkiyənin Qafqaz siyasətində maneədir.

Trend -un arayışı: Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının yaradılmsı təşəbbüsü 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan münaqişəsindən sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən təklif edilib və regionda sülh və əməkdaşlığı təmin etmək məqsədini daşıyır.

"Türkiyənin Qafqazda Azərbaycan və Ermənistana qarşı balanslı siyasət yürütməsi hər iki tərəfdə qısqanclıqla qarşılanır",- deyə Kaynak əlavə edib. Kaynak hesab edir ki, Türkiyənin Qafqaz siyasətində uğur əldə etməsi yalnız Dağlıq Qarabağ probleminin həllindən sonra mümkündür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti