...

Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın milli maraqlarına ziddir – XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Sentyabr 2009 11:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 senyabr / Trend , müxbir S.Ağayeva /

Rəsmi Bakı hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın milli maraqlarına ziddir.

"Məsələ ilə bağlı Azərbaycan tərəfi Türkiyə Respublikasının yüksək rəsmilərinin səsləndirdiyi çoxsaylı açıqlamalara əsaslanır. Belə ki, Türkiyə Respublikasının baş naziri cənab Rəcəb Tayyib Ərdoğan cari ilin 14 may tarixində Azərbaycan Respublikası Milli Məclisində çıxışı zamanı vurğulayib: "Türkiyə Ermənistan ilə sərhədləri Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edildikdən sonra bağlanmışdır. Bu işğal ortadan qalxandan sonra sərhədlər açıla bilər. Biz azərbaycanlı qardaşlarımız razı qalmadığı müddətdə bu nöqtədən irəli bir addım atmarıq. Bunlar bir-biri ilə bağlıdır, ayrı salına bilməz", çərşənbə günü Trend -a Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Elxan Poluxov bildirib.

Trend -un arayışı: Türkiyə hazırda qonşu Ermənistan ilə sərhədləri açmağı planlaşdırmır, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu iki ölkə arasında diplomatik münasibətlərin qurulması üzrə məsləhətləşmələrin başlanması üçün razılığın əldə olunması məsələsinə şərh verərək bildirib, RİA Novosti xəbər verir.

Bazar ertəsi axşam Türkiyə XİN bildirib ki, Ermənistan ilə İsveçrənin vasitəçiliyi ilə keçirilən danışıqlarda "Diplomatik münasibətlərin qurulması üzrə protokol" və "İkitərəfli münasibətlərin inkişafı barədə protokol"un imzalanmasına dair "daxili siyasi məsləhətləşmələr"in başlanması barədə razılıq əldə olunub.

Siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkənin parlamentinə təqdim ediləcək. Bu barədə Türkiyə XİN-in mətbuata məlumatında deyilir.

"Türkiyənin məqsədi qonşuları ilə ən yaxşı münasibətlərdə olmaq və Qafqazda stabilliyin və sülhün təmin edilməsidir", - Davudoğlu NTV teleşirkətinə müsahibəsində bildirib.

Onun sözlərinə əsasən, Ermənistan ilə münasibətlərin normallaşdırılması üzrə başlanılan proses "başlanılan prosesin vacib hissəsidir".

Türkiyənin xarici işlər naziri bildirib ki, Ankara "prosesin (Ermənistan ilə münasibətlərin normallaşdırılması) hər bir mərhələsində Azərbaycanın maraqlarını nəzərə alacaq".

"Eyni zamanda, Azərbaycan Xarici İşlər Nazirliyi bir daha bildirir ki, hər bir dövlətin digər dövlətlərlə münasibətlərini müəyyənləşdirməsi prinsip etibarilə onun suveren hüququdur. Lakin bu halda məsələnin birbaşa Azərbaycanın milli maraqlarına aid olduğunu nəzərə alaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın milli maraqlarına ziddir", - Azərbaycan XİN-i bəyan edib.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti