...

İşğal edilmiş torpaqlar azad edilmədən Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycana arxadan zərbə olacaq - I vitse-spiker

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Oktyabr 2009 16:35 (UTC +04:00)
Azərbaycanın Parlament sədrinin birinci müavini torpaqlarımız işğaldan azad edilmədən Türkiyə və Ermənistan arasında sərhədlərin açılmasının Azərbaycana arxadan zərbə olacağını düşünür.
İşğal edilmiş torpaqlar azad edilmədən Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycana arxadan zərbə olacaq - I vitse-spiker

Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir A..Hüseynbala/

Azərbaycanın Parlament sədrinin birinci müavini torpaqlarımız işğaldan azad edilmədən Türkiyə və Ermənistan arasında sərhədlərin açılmasının Azərbaycana arxadan zərbə olacağını düşünür.

"Türkiyə-Ermənistan münasibətləri ilə bağlı Azərbaycanın mövqeyi əvvəlcədən məlumdur və indi də öz mövqeyimizdə qalırıq. Biz bu protokolların imzalanmasının əleyhinə olmuşuq", - Trend -un məlumatına görə, cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının internet saytına Milli Məclis sədrinin birinci müavini, Parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Trend -un arayışı: Oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Əsgərovun sözlərinə görə, Türkiyənin dövlət və hökumət rəsmiləri həm Azərbaycanda səfərdə olanda, həm də öz ölkələrində bəyan ediblər ki, işğalçılıq siyasətinə son qoymayana qədər Ermənistanla sərhədlər açılmayacaq. "Bu səbəbdən Türkiyə ilə Ermənistan arasında protokolların imzalanması məntiqli deyildi. Çünki Ermənistan və Qərbin rəsmiləri həmişə belə fikirlər söyləyirdilər ki, protokolların imzalanmasını Dağlıq Qarabağ problemi ilə eyniləşdirmək olmaz. Biz isə hər iki məsələnin paralel müzakirə edilməsinin tərəfdarı olmuşuq. Sürixdə protokolların imzalanması prosesində Minsk Qrupunun həmsədr dövlətlərinin xarici işlər nazirləri iştirak etdilər. Bir tərəfdən deyirlər ki, bunlar ayrı-ayrı proseslərdir, digər tərəfdən həmsədr ölkələrin xarici işlər nazirləri iştirak edir. Bu fakt onu göstərir ki, bu proses birbaşa Dağlıq Qarabağ məsələsi ilə əlaqəlidir", - komitə sədri əlavə edib.

Birinci vitse-spikerin fikrincə, indiki şəraitdə sərhədlərin açılması Azərbaycanın mənafeyinə və maraqlarına ziddir. "İşğal olunmuş torpaqlarımız azad edilməyincə sərhədlər açılsa, bu, Azərbaycana arxadan zərbə, Türkiyənin ölkəmizin kürəyinə vurduğu xəncər olacaq. Çünki bu hərəkət Azərbaycanla Türkiyə arasında olan dostluq və qardaşlıq əlaqələrinin məntiqinə və ruhuna uyğun gəlmir. Dost və qardaş ölkələr arasında belə hallar yaşanmamalıdır. Biz Türkiyəni qardaş dövlət hesab edirik və bunun qarşılığını gözləyirik. İnanmaq istərdim ki, Türkiyə Parlamentində həmin protokollar təsdiq olunmayacaq. Türkiyənin Prezidenti, Baş naziri, parlament sədri və xarici işlər naziri öz bəyanatlarına sadiq qalmalıdırlar", - Əsgərov vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti