...

Cənubi Qafqazdakı münaqişələr region ölkələri arasında inam atmosferinin formalaşmasına təsir edir - Piter Semnebi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Oktyabr 2009 17:03 (UTC +04:00)

Cənubi Qafqazdakı münaqişələr region ölkələri arasında inam atmosferinin formalaşmasına təsir edir. Bu barədə "Azadlıq" radiosuna müsahibəsində Avropa ittifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bildirib.

"Türkiyə rəhbərliyi tərəfindən Dağlıq Qarabağ məsələsində ciddi irəliləyiş olmadan protokoların ratifikasiyası və sərhədlərin açılmasının qeyri-mümkünlüyü barədə daima səslənən bəyanatları nəzərə alaraq, Ermənistan-Türkiyə münasibətlərinin normalaşdırılması və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması proseslərinin nə dərəcədə qarşılıqlı əlaqədə olması" sualına Semnebi belə cavab verib: "Rəsmi olaraq heç bir əlaqə yoxdur, lakin münaqişələrin nizamlanması istiqamətindən asılı olaraq region ölkələri arasında inam atmosferinin formalaşmasına təsir göstərməsi faktına heç kəs diqqət yetirməyə bilməz".

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Semnebinin sözlərinə görə, Avropa İttifaqı Ermənistan-Türkiyə münasibətlərində əldə olunan irəliləyişi alqışlayır və sözügedən prosesin bundan sonra da dərinləşməsini gözləyir.

"Düşünürəm ki, tərəflər təsəvvür edə biləcəklərindən daha çox şeyə nail olublar. Bizim üçün tərəfdaşlarımız və bilavasitə qonşularımızın - Türkiyə və Ermənistanın normal qarşılıqlı münasibətlərinin olması çox vacibdir", - o bildirib.

Onun fikrincə, Ermənistan-Türkiyə münasibətlərinin normalaşdırılmasına dair protokolların imzalanması daxili prosesdir və iki ölkənin parlamentləri tərəfindən müzakirə edilməlidir.

"Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması prosesinin Türkiyənin Avropa İttifaqına daxil olması prosesinə necə təsir etməsi ilə bağlı danışmaq istəməzdim", - Semnebi bildirib.

"Türkiyə Avropa İttifaqına daxil olmaq üçün hələ çox iş görməlidir, lakin Ermənistan-Türkiyə münasibətlərinin nomallaşdırılması birmənalı surətdə müsbət təsir göstərə bilər", - o deyib.

Onun sözlərinə görə, yaxın iki ayda tərəflər protokolları təsdiqləyəcək, bu, Ermənistan və Türkiyənin Avropa İttifaqı ilə münasibətlərində vacib və konstruktiv elementlərə səbəb olacaq.

Xəbər lenti

Xəbər lenti