...

Ermənistan-Türkiyə sərhədlərinin açılması Azərbaycanın işğal olunmuş rayonlarının qaytarılması ilə əlaqələndirilməlidir - politoloq Aleksey Vlasov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Noyabr 2009 18:03 (UTC +04:00)
Türkiyə və Ermənistan sərhədlərinin açılması Azərbaycanın işğal altında olan beş rayonunun qaytarılması ilə əlaqələndirilməlidir. Bu barədə Trend News-a M.Lomonosov adına MDU-nun İnformasiya-Analitika Mərkəzinin ekspert qrupunun rəhbəri Aleksey Vlasov bildirib.
Ermənistan-Türkiyə sərhədlərinin açılması Azərbaycanın işğal olunmuş rayonlarının qaytarılması ilə əlaqələndirilməlidir - politoloq Aleksey Vlasov

Rusiya, Moskva, 18 noyabr / Trend , müxbir K.Konırova/

Türkiyə və Ermənistan sərhədlərinin açılması Azərbaycanın işğal altında olan beş rayonunun qaytarılması ilə əlaqələndirilməlidir. Bu barədə Trend -a M.Lomonosov adına MDU-nun İnformasiya-Analitika Mərkəzinin ekspert qrupunun rəhbəri Aleksey Vlasov bildirib.

"Bu, münaqişənin nizamlanmasında ilk addım olmalıdır, sonra isə Qarabağın statusu haqqında məsələ qaldırılacaq. Lakin bu məsələni, ən azından birinci mərhələdə işğal olunmuş rayonların qaytarılması məsələsini həll edərək, qeyri-müəyyən müddətə kimi təxirə salmaq olar", - Vlasov bildirib.

Oktyabrın 10-da Sürixdə Ermənistanın və Türkiyənin xarici işlər nazirləri Ankara və Yerevan arasında diplomatik münasibətlərin bərpasına dair protokolları imzalayıblar. Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər 1993-cü ildən mövcud deyil.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

"Dağlıq Qarabağ probleminin uzadılması ilə regionun münaqişəlilik səviyyəsi artacaq", - Vlasov hesab edir.

"Əgər Dağlıq Qarabağ münaqişəsinin həllində konkret addımlar atılmasa, regionun münaqişəlilik səviyyəsi artacaq", - politoloq qeyd edib.

Onun fikrincə, erməni qoşunları çıxarılmadan Türkiyə və Ermənistan sərhədlərinin birtərəfli açılması mübahisəli məsələdir.

"Türkiyə Parlamenti Türkiyə və Ermənistan arasındakı sərhədlərin açılmasını ratifikasiya etsə, o zaman, qaydalara əsasən, ratifikasiyadan 60 gün sonra sərhədlər açılmalıdır. Sərhədlərin açılıb-açılmaması çox böyük prosesdir", - o qeyd edib.

Vlasovun sözlərinə görə, bu onunla izah olunur ki, sözügedən məsələ üzrə Ərdoğan partiyasında da və Türkiyənin özündə də mürəkkəb münasibətlərlə əlaqədar olaraq ziddiyət var.

Qazaxıstanın növbəti ildə ATƏT-in sədri vəzifəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə nə cür kömək etməli olduğu məsələsinə gəldikdə isə, ekspert qeyd edib ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bu yaxınlarda türkdilli dövlətlərin sammitində iştirak edib. "Görünür ki, Qazaxıstan və Azərbaycan arasındakı münasibətlər strateji tərəfdaşlığın nəzər nöqtəsindədir", - Vlasov deyib.

Onun sözlərinə görə, bu uzadılan münaqişənin həlli zamanı Qazaxıstanın qarşısında "maraqlarını xarici qüvvələrin - ABŞ, Rusiya və Avropa İttifaqının maraqları ilə əlaqələndirmək" vəzifəsi durur.

"Qazaxıstan üçün Türkiyə ilə münasibətləri korlamamaq və Azərbaycan ilə güclü dialoq formatını saxlamaq vacibdir", - Vlasov bildirib.

Ekspertin fikrincə, belə bir vəziyyətdə Qazaxıstan üçün ATƏT-in Minsk qrupunun təşəbbüsünü və Dağlıq Qarabağ probleminin Madrid prinsipləri çərçivəsində həllini dəstəkləmək vacibdir.

Xəbər lenti

Xəbər lenti