Azərbaycan, Bakı, 20 yanvar / Trend , müxbir M.Əliyev/
Çexiyada CEDOR adlı jurnal yoxdur, söhbət ÇEDOK turizm şirkətinin səyahətlər kataloqundan gedir. Bu barədə çərşənbə günü Azər-Çex Cəmiyyətinin sədri Elşən Nəzərov yaydığı açıqlamasında bildirib. "Bu broşuranı biz əldə etdik və məlum oldu ki, orada Azərbaycanın ərazi bütövlüyünə xələl gətirəcək bir narahatçılıq yoxdur", - o deyib.
"Həmin xəritədə söhbət turist səyahətinin marşrutundan gedir və Dağlıq Qarabağ Ermənistan ərazisi kimi və ya ayrıca respublika kimi göstərilmir, əksinə Azərbaycanın ərazisində yerləşdiyi açıqca görsənir", - Nəzərov bildirib.
Trend -un arayışı: Beynəlxalq Diaspor Mərkəzi Çexiyanın Azərbaycandakı səfirliyinə Çexiyanın "Cedor" jurnalında Dağlıq Qarabağın Ermənistan ərazisi kimi göstərilməsi ilə əlaqədar etiraz bildirdiyinə dair dünən məlumat yaymışdı.
Mərkəz "Cedor" jurnalında Dağlıq Qarabağın Ermənistan ərazisi kimi göstərildiyini iddia edib.