...

Azərbaycan xəritəsini təhrif edən Misir saytının rəhbərliyi rəsmi üzr istəməyib - səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Yanvar 2010 13:17 (UTC +04:00)
Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiri ərəb informasiya portalında təqdim olunmuş xəritədə Azərbaycan ərazisi olan Dağlıq Qarabağ və Naxçıvan Muxtar Respublikasının Ermənistan tərkibində göstərilməsi ilə əlaqədar olaraq portal rəhbərliyinin bu günə qədər rəsmi üzr istəmədiyini bildirib.
Azərbaycan xəritəsini təhrif edən Misir saytının rəhbərliyi rəsmi üzr istəməyib - səfir

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir R.Hafizoğlu/

Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiri mərkəzi ofisi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən informasiya portalında təqdim olunmuş xəritədə Azərbaycan ərazisi olan Dağlıq Qarabağ və Naxçıvan Muxtar Respublikasının Ermənistan tərkibində göstərilməsi ilə əlaqədar olaraq portal rəhbərliyinin bu günə qədər rəsmi üzr istəmədiyini bildirib.Dərc olunan  məqalədə Bakıda Misir kinosu həftəsinin keçirilməsindən danışılır və informasiya misirli  jurnalist  tərəfindən hazırlanıb.

"Azərbaycan ərazisi olan Dağlıq Qarabağ və Naxçıvan Muxtar Respublikasının Ermənistan tərkibində göstərilməsi ilə əlaqədar olaraq portal rəhbərliyi bu günə qədər rəsmi üzr istəməyib", - Azərbaycanın Misirdəki səfiri Faiq Bağırov telefonla Trend -a bildirib.

Səfir onu da əlavə edib ki, bu, bəlkə də cümə gününün Misirdə iş günü olmaması ilə əlaqədardır və çox güman ki, faktla bağlı sabah müraciət olunacaq.

Trend - un arayışı: Azərbaycanın Qahirədəki səfirliyi Misirin Xarici İşlər Nazirliyinə, o cümlədən İnformasiya Nazirliyinə, Kommunikasiya və Texnologiyalar Nazirliyinə  mərkəzi ofisi Birləşmiş Ərəb Əmirliklərində yerləşən ərəb informasiya saytında təqdim olunmuş xəritədə Azərbaycan ərazisi olan Dağlıq Qarabağ və Naxçıvan Muxtar Respublikasının Ermənistan tərkibində göstərilməsi ilə əlaqədar olaraq etiraz notası göndərib. Bakıda Misir kinosu həftəsinin keçirilməsi barədə Moheet.com saytında dərc olunan məqalədə Dağlıq Qarabağ və Naxçıvan Ermənistan ərazisi kimi göstərilib. Məqalədə Bakıda Azərbaycanın Kinematoqraflar Birliyi ilə birgə Azərbaycan və Misir arasındakı mədəni əlaqələrin möhkəmlənməsinə yardım edəcək Misir kinosu həftəsinin keçirilməsindən danışılır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Bu günə qədər informasiya portalındakı təhrif edilmiş Azərbaycan xəritəsi dəyişdirilməyib.

Xəbər lenti

Xəbər lenti