...

Dağlıq Qarabağda referendum yalnız Azərbaycan icmasının regiona qaytarılmasından sonra mümkün ola bilər – icma rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Fevral 2010 13:20 (UTC +04:00)
Dağlıq Qarabağda referendum yalnız azərbaycanlı məcburi köçkünlərin regiona qaytarılmasından sonra keçirilə bilər. Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov belə hesab edir.
Dağlıq Qarabağda referendum yalnız Azərbaycan icmasının regiona qaytarılmasından sonra mümkün ola bilər – icma rəhbəri

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir E.Tariverdiyeva/

Dağlıq Qarabağda referendum yalnız azərbaycanlı məcburi köçkünlərin regiona qaytarılmasından sonra keçirilə bilər. Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov belə hesab edir.

"Dağlıq Qarabağda yaşayan adi ermənilər azərbaycanlıların ora qayıtmasını istəyirlər. Onlar Dağlıq Qarabağ regionunda birgə yaşayışın tərəfdarıdırlar", - Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov, Bakıda rəsmi səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayevlə görüşün yekununda jurnalistlərə deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Səfərovun sözlərinə görə, Azərbaycanın iqtisadi inkişafını nəzərə alan sadə ermənilər nəticədə referendum keçirilməsini istəmirlər.

Səfərov qeyd edib ki, bu, ATƏT-in fəaliyyətdə olan sədri ilə ilk görüşüdür və görüşdə azərbaycanlıların Dağlıq Qarabağa qayıdacağına ümidvar olduğunu bildirib.

Azərbaycan icmasının rəhbəri, həmçinin qazaxıstanlı qonaqların nəzərinə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər.

ATƏT-in fəaliyyətdə olan sədri fevralın 14-dən Azərbaycanda rəsmi səfərdədir.

Xəbər lenti

Xəbər lenti