Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir M. Əliyev/
Qafqaz müsəlmanlarının dini lideri Şeyxülislam Hacı Allahşükür Paşazadə Xocalı faciəsi ilə əlaqədar müraciət qəbul edib.
"Bəşəriyyətin qan yaddaşında ikili standartlar yolverilməzdir, lakin artıq on səkkiz ildir ki, barəsində aləmə car çəkdiyimiz Xocalı faciəsi bü gunədək dünya səviyyəsində qınaq obyektinə çevrilməmiş, onun baiskarları lənətlənməmişdir. 1992-ci il fevralın 26-da Xocalının 10 mindən artıq dinc, silahsız, müdafiəsiz əhalisinin erməni quldurlarının amansız basqınına məruz qalması, 613 nəfərin qətlə yetirilməsi, qocalara, uşaqlara, hamilə qadınlara belə rəhm olunmaması, 1275 nəfərin əsir götürülərək ağır işgəncələrə məruz qalması, meyidlərin üzərində təhqiramiz əməllər edilməsi kimi vəhşiliklərə biganə qalmaq bəşəriyyətə başucalığı gətirə bilməz", - müraciətdə deyilir.
Şeyxülislam dünya ölkələrinin dövlət başçılarına, parlamentlərinə, xalqlarına və beynəlxalq təşkilatlara müraciət edərək Azərbaycana qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial hüquqi qiymət verməyə, xalqımızın faciəsinə biganə qalmamağa, Xocalı müsibətini insanlığa qarşı soyqırım aktı kimi tanımağa çağırıb.