Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir A.Hüseynbala/
Azərbaycanın hakim partiyası hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin uzanması təhlükəli vəziyyət yaradır və onun böyük müharibələrə çevrilmə qorxusu var.
"Bütün bunlar ATƏT-i hərəkətə gətirib. ATƏT Parlament Assambleyası prezidentinin və qurumun Dağlıq Qarabağ məsələsi üzrə xüsusi nümayəndəsinin bölgəyə səfəri bu intensiv diplomatiyanın nəticəsidir", - Trend -un məlumatına görə, cümə günü hakim Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına partiyanın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.
Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Qurbanlının sözlərinə görə, Dağılq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində intensivliyin artmasını müşahidə edilməkdədir.
"Bu da təsadüfi deyil. Bütün bunların əsasında Azərbaycan Prezidenti İlham Əliyevin çevik və hücumçu xarakter daşıyan siyasəti dayanır. Prezident İlham Əliyevin bu yaxınlarda status-kvonun dəyişilməsi ilə bağlı söylədiyi fikirlər, təbii olaraq, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirməyə borclu olan ATƏT tərəfindən diqqətlə izlənilir", - millət vəkili deyib.
İcra katibinin müavini qeyd edib ki, Azərbaycan nümayəndələri ATƏT-in bütün tədbirlərində bu məsələni gündəmdə saxlayırlar: "Bu səfər ATƏT rəsmiləri tərəfindən bölgədə münaqişəyə dair mövcud vəziyyətin dəqiq öyrənilməsi baxımdan önəmlidir", - o vurğulayıb.
Qurbanlı xüsusi nümayəndə Qoran Lenmarkerin "Qarabağ problemi tezliklə həll edilməlidir, əks təqdirdə, bu münaqişənin böyüməsi bölgədə böyük müharibəyə gətirib çıxara bilər" fikrini xatırladaraq qeyd edib ki, bu, bir xəbərdarlıq rolunu oynayır. "Bölgədə sülhün pozulması, müharibənin başlaması ATƏT-in söykəndiyi təməl prinsiplərinə ziddir, bütövlükdə, beynəlxalq aləmdə mövcud olan sülh və təhlükəsizliyin yaradılması istiqamətində atılan addımlara uyğun deyil. Ona görə də beynəlxalq birlik Ermənistanın işğalçılıq siyasətinə son qoyulması istiqamətində ciddi addımlar atmalıdır", - hakim partiya funksioneri bildirib.
YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 17 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]