...

Ermənistan Rusiyanın ona verdiyi dəstəyi daha açıq ifadə edib - Azərbaycan Müdafiə Nazirliyi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyul 2010 17:08 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Rusiya mətbuatına verdiyi müsahibəsində bəzi detalları açdığını deyib.
Ermənistan Rusiyanın ona verdiyi dəstəyi daha açıq ifadə edib - Azərbaycan Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Rusiya mətbuatına verdiyi müsahibəsində bəzi detalları açdığını deyib.

"Nazir Seyran Ohanyanın regiondakı vəziyyətə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yanaşmaları məni heyrətləndirmədi. Eyni şeylər onun dilindən dəfələrlə səsləndirilib. Bircə fərq ondan ibarətdir ki, erməni nazir bu dəfə Rusiyanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistana verdiyi dəstəyi daha açıq və daha yuxarı tonla ifadə edib. Bununla o, belə demək mümkünsə, qazanın ağzını əməlli-başlı açıb", - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı mətbuata açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu deyib.

Sabiroğlu bildirib ki, Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli təkzibedilməz faktdır.

"İşğalın aradan qaldırılması vəziyyəti nə qədər yubanacaqsa, bölgədə vəziyyət də bir o qədər mürəkkəb şəkil alacaqdır. Ohanyan hər şeydən danışır, nədənsə münaqişənin həlli üçün Madrid prinsiplərini dilinə gətirmir. Səbəbi bəllidir. İşğalçı siyasət Ermənistanın hakim dairələrinin şüurundan silinib getməyincə, münaqişənin həllində sülh variantı arxa planda dayanacaq. Seyran Ohanyan bu müsahibəsində də Azərbaycanın müdafiə büdcəsinin 2 milyard dollara catdırıldığını böyük narahatlıqla vurğulamaqla yanaşı, Azərbaycanı militarist siyasətdə günahlandırır. Adi məntiq belə bu iddianı büsbütün rədd edir. Ona görə ki, Azərbaycan kimsənin bir qarış torpağını, o cümlədən də Ermənistanın ərazisini işğal etməyib. İşğal olunan Azərbaycan torpaqlarıdır. Öz torpaqlarını işğaldan azad edilməsi üçün hansısa məqbul yolu seçmək Azərbaycanın suveren hüququdur", - Sabiroğlu əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti